AZE | RUS | ENG |

Vətən sizi səsləyir... - Fotolar

Vətən sizi səsləyir... - Fotolar
"Nar” əhəmiyyətli sosial layihələrə imza atmağı artıq ənənəyə çevirib. Mobil operatorun əməkdaşları keçən il Novruz bayramını cəbhə bölgəsindəki hərbi hissələrdən birinin əsgər və zabitləri ilə qeyd edəndə yalnız Silahlı Qüvvələrimizin gecə-gündüz Vətənimizin keşiyində duran qəhrəman hərbçilərinə deyil, həm də onların valideynlərinə sevincli anlar yaşatdılar. Əsgərlərə hörmət və sevgini əyani şəkildə çatdırmaq məqsədi daşıyan layihə çərçivəsində 100-dən çox valideyn hərbi xidmətini yerinə yetirən övladı ilə görüşmək imkanı qazandı. 

"NAR” Silahlı Qüvvələrimizin 101-ci ildönümündə vətənpərvərlik amalına sadiq qalaraq Müdafiə Nazirliyi ilə birlikdə Azərbaycan Silahlı Qüvvələr Gününü düşmənlə üz-üzə olan sərhəd bölgəsində qeyd etdi. Şirkət "N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşə ənənəsinə uyğun olaraq, əliboş getmədi. Ölkənin müxtəlif bölgələrində yerləşən bir neçə hərbi hissədə yaratdığı telefon məntəqəsindən biri də bu hərbi hissənin payına düşdü. Mobil şəbəkə olaraq düşmənlə bir addımlıqda xidmət edən, Vətəni göz bəbəyi kimi qoruyan əsgərlərin valideynləri ilə rahat ünsiyyəti, ata-anaların övladları sarıdan nigaran qalmaması üçün ünsiyyət körpüsü yaratdı. Müdafiə Nazirliyi və "NAR”-ın birgə təşəbbüsü ilə yaradılan danışıq nöqtəsi əsgərlər tərəfindən böyük sevinclə qarşılandı. Bundan sonra onlar "Nar” danışıq nöqtəsi vasitəsilə əzizləri ilə ünsiyyətdə olacaq, ürək sözlərini, arzularını söyləyəcək, valideynlərinin əhvalından xəbər tutacaqlar... 
 
 
 
Zəfər xəbərlərini çatdırın
 
Bu kənd müharibənin faciələrini yaşayıb. Düşmənlə sərhəddə yerləşən kəndin bir milli qəhrəmanı və torpaqlarımız uğrunda döyüşlərdə şəhid olan övladları var. Kənddəki Şəhidlər Xiyabanı sakinlərin qəhrəmanlıqla döyüşməsinin və şəhid olmasının nümunəsidir. 

İndi bu kənd keşiyində ayıq-sayıq dayanan, sərhədlərini göz bəbəyi kimi qoruyan övladları sayəsində gündəlik dinc həyatını yaşayır. 
 
 

Hərbi hissəyə - əsgərlərlə görüşə gedərkən əsil bayram əhval-ruhiyyəsi bizə də sirayət etdi. Əllərində dalğalanan üçrəngli bayrağımız, başları üzərində iri hərflərlə yer alan Ali Baş Komandan İlham Əliyevin «Bizim siyasi gücümüz, iradəmiz, iqtisadi potensialımız, qüdrətli ordumuz var» sözləri hərbi hissənin heyəti üçün əsl stimulverici məqamlardır. 
 


Əsgərlər canlı musiqinin sədaları altında Silahlı Qüvvələr Gününü qeyd edirlər. Vətən torpaqları bu gənclərə əmanətdir. Onlar bu məsuliyyəti dərindən hiss edir, bu şərəfli işə mətanətlə çiyin verirlər. "Hamımızın arzusu birdir: qələbə sevincini həm özümüz yaşayaq, həm də xalqımıza yaşadaq”- deyən hərbi hissənin komandiri bu sevinci yaşayacağımız günün çox da uzaqda olmadığını əminliklə söyləyir: «Silahlı Qüvvələrimizin 101-ci ildönümünü qeyd edirik. Bu bayram münasibətilə hərbi hissəmizdə bir neçə tədbir həyata keçirilib. İki gün öncə hərbi hissələrdə "Açıq qapı” günü elan olunub. İctimaiyyət nümayəndələri, xidmətdə olan əsgərlərin valideynləri hərbi hissənin texniki bazası və məişət şəraiti ilə tanış oldular. Əsgərlərin dövlət tərəfindən hər cür təminatı var. Bundan əlavə, Silahlı Qüvvələrimizin inkişaf etdirilməsi üçün bütün qurumlar əllərindən gələn köməyi bizə göstərirlər. Eləcə də "NAR” bu gün hərbi hissəmizin ön mövqedə yerləşən bölməsinə əsgər və zabitlərlə görüşə gəlib. Şirkətin hədiyyə etdiyi mobil telefon vasitəsilə əsgərlər öz valideynləri ilə əlaqə saxlaya biləcəklər».  
 
 

Azərbaycan əsgərinin hamımızın güvənc yeri, qürur mənbəyi olduğunu söyləyən "NAR”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov vətənpərvərlik kimi yüksək  dəyərlərin təmsil etdiyi şirkətin əsas amallarından olduğunu vurğuladı: "İnsanların bir-biri ilə ünsiyyət qurmasına yardım edən "NAR” artıq ikinci ildir ki, hərbi xidmətdə olan əsgərlərimizlə birlikdə bayram qeyd edir. Bu, artıq bizim üçün xoş ənənəyə çevrilib. Hərbi hissənin bütün tələbatı dövlət tərəfindən ödənilir. Bu, bizim üçün böyük fəxrdir. Ancaq "NAR” ünsiyyət bəxş edən bir şirkət olduğu üçün sizə sərhədsiz ünsiyyət bağışlamaq istəyirik. Sizə hədiyyə etdiyimiz "Nar” danışıq məntəqəsi ilə bütün heyət öz doğmaları ilə danışa biləcək. Həmçinin təkcə bu hərbi hissə üçün deyil, daha digər hərbi hissələr üçün də hədiyyələr hazırlamışıq. Arzu edirəm ki, yaxınlarınıza yalnız xoş xəbərlər deyəsiniz, onlara zəfər xəbərlərini çatdırasınız!”  
 
 
 
Hər kəs bir yumruq kimi
 
Əsgərlərlə söhbət edərkən onların yüksək vətənpərvərlik hissinin şahidi oluruq. Onlar Silahlı Qüvvələr Gününü özləri üçün ən dəyərli bayram hesab edirlər. Onlar üçün tarixi çox da uzaqda olmayan Aprel döyüşləri nümunəsi var. 

Silahı Qüvvələr Gününün Azərbaycan Ordusunda xidmət edən hər bir əsgər və zabit heyəti üçün qürur günü olduğunu qeyd edən hərbi hissənin zabiti Samir Əsgərov əsgərlərin hazırlıqlarının yüksək səviyyədə olduğunu bildirdi: «Əsgərlərin ən böyük arzusu qələbə sevincini yaşamaqdır. Döyüşçü üçün bundan böyük arzu ola bilməz. Aprel döyüşlərinin iştirakçıları məhz belə əsgər və zabitlər olub. Bunların hamısı həmin döyüşçülərin davamçısı olmağa hazırdırlar. Bizim üçün fəxr olar ki, məhz Silahlı Qüvvələr Günündə qələbə qazanaq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Məhz bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad edəcək». 
 
 

«Aprel döyüşləri bütün hərbiçilərimizə yenidən qələbənin möhtəşəmliyini yaşatdı» - deyə əsgərlər qürurla qeyd edirlər: «Nə qədər mülki şəxslər yenidən döyüşlərdə iştirak etmək istədiklərini bildirdilər. Hospitallara gedib yaralılar üçün qan verdilər, sərhəd bölgələrində olan əsgərlər üçün yemək apardılar. Hər kəs bir yumruq kimi birləşmişdi. Bu, bizim xalqımızın birliyidir. Demək, biz hər an düşməni məğlub edə və torpaqlarımızı geri qaytara bilərik»- deyə hərbi hissədə çalışan  qadınlardan biri – operator Pərvanə Mustafayeva bildirir: "Hərbi formanı geyinən hər bir kəs onun məsuliyyətini daşıyır. İstər kişilər olsun, istərsə də qadınlar – əgər hərbi xidmətdəsənsə bu işi sevməlisən. Bu hərbi hissədəki hər bir zabit və əsgər torpaqlarımızın geri qayıtması uğrunda döyüşlərdə iştirak etməyə hər zaman hazırdır”. Hərbçi xanım "NAR”-ın hədiyyəsini də yüksək dəyərləndirir: "Əsgərlərimiz vətənin keşiyində ayıq-sayıq durublar. Cəbhəyə yaxın bölgələrdə valideynlər, qohumlar bəzən övladları üçün narahatlıq keçirirlər. "NAR”-ın bəxş etdiyi ünsiyyət isə bu narahatlığı aradan qaldıracaq”.
 
 

Əsgər Rafiq Sultanovun hərbi xidmətdən tərxis olunmasına az qalıb: «Hərbi xidmətimi başa vurub Bakıya - evimizə qayıdacağam. Ancaq mən həmişə Vətənimin əsgəriyəm. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız uğrunda hər an döyüşməyə hazıram. Bu, bir Vətən övladı kimi mənim borcumdur”. 

Hərbi hissənin həkimi Təbriz İsayev "Əgər bir ölkənin ordusu yoxdursa, onun hansı gücündən danışmaq, hansı qələbəsinə ümid etmək olar?”- deyə Azərbaycan Silahlı Qüvvələri Gününü fəxrlə qeyd etdiyini söyləyir:  "Bizim qüdrətli Ordumuz var. Biz bu qüdrəti Aprel döyüşləri ilə bir daha sübut etdik. Torpaqlarımızın düşməndən tam azad olacağı gün də uzaqda deyil. Biz buna əminik”.    
 
 

Əsgər Kamran İbişov əsgər yoldaşının arzularına qoşulur: "Bizim yalnız bir arzumuz var. Azərbaycan Silahlı Qüvvələri Gününü Qarabağda qeyd edək!” 

Əsgər Elnur Qafarovun şirin səslə oxuduğu «Vətən sizi səsləyir» mahnısı isə əsgərlərin arzularına səs verir. 

Musiqi səsi hərbi hissənin hüdudlarını aşaraq ətrafa yayılır. Hamının ürəyindən bir arzu keçir: Gün o gün olsun ki, bu musiqilər tezliklə işğaldan azad olunacaq torpaqlarımızda eşidilsin, Milli Ordumuzun tarixi qələbəsini şadlıqla qeyd edək! "NAR”ın ünsiyyəti isə bütün ölkə boyu zəfər xəbərini yaysın!
 
Təranə Məhərrəmova
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966